Biznes üzrə ABC-Analiz

Oktyabr 08, 2025
76 izlənmə
4 dəqiqə oxuma
Biznes proseslərinin araşdırılması – biznesin optimal idarə edilməsi və xüsusən də inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Müxtəlif araşdırmalar sırasında ABC-Analiz xüsusi yer tutur. Kommersiya şirkətlərində bu analizi müxtəlif parametrlər üzrə (müştərilər, məhsullar, filiallar və s.) aparmaq mümkündür.

 

Bu analizin mahiyyəti İtaliya iqtisadçısı və sosioloqu Vilfredo Paretonun irəli sürdüyü 80/20 prinsipi üzərində qurulmuşdur. Bu prinsipə müxtəlif sahələrdə rast gəlmək olar. Bu prinsipə görə 20% səylər 80% nəticə gətirir, qalan 80% səylər isə – qalan 20% nəticəni təmin edə bilir. Müşahidələr deyir ki, 20% daimi müştəri satışların 80%-ni təmin edirsə, qalan 80% təsadüfi müştərilər satışların 20%-ni təmin edə bilir.


 

ABC-Analizin hazırlanması

 

ABC-Analizi müştərilərə və satışlara tətbiq etməklə, satış üçün əhəmiyyət kəsb edən müştərilər A, B və C kateqoriyalarına ayrılır:

A kateqoriyası – ən vacib müştərilərdir, satışların 80%-ni təmin edir. Bu müştərilərə xüsusi fikir vermək, onların tələbatını minimum zaman ərzində maksimum həcmdə ödəmək, zövqünə xüsusi diqqət yetirmək lazımdır;

 

B kateqoriyası – orta əhəmiyyətli müştərilərdir, satışların qalan 20%-in 80%-ni, ümumi satışların 16%-ni təmin edir. Bu müştərilərə də diqqət yetirmək, onların tələbatını və zövqünü araşdırılmaq lazımdır. B kateqoriyasına aid edilmiş müştəriləri A kateqoriyasına cəlb etmək üçün tədbirlər hazırlayıb həyata keçirmək lazımdır.

 

C kateqoriyası – bu müştərilər satışların qalan 20%-in 20%-ni, ümumi satışların 4%-ni təmin edir. Bu müştərilərin satış prosesi üçün əhəmiyyəti kifayət səviyyədə olmur, ona görə də bu müştərilərə vaxt və diqqət sərf etməyə dəyməz.

 

İndi isə, gəlin, bu prinsiplərə əsaslanaraq ABC-Analizini təşkil edək. Aşağıdakı cədvəldə 15 müştəri üzrə illik satışlar haqqında məlumat verilmişdir. C sütununda – müştəri adları, D sütununda – satışdan alınmış gəlirlər verilir. Cədvəlin altında gəlirlərin ümumi cəmi verilir. Bu cəmi D19 damasında aşağıdakı formula ilə həll etmək mümkündür:

=SUM(D4:D18)

Şəkil 1. Müştərilər üzrə gəlirlər cədvəli

 

Bundan sonra cədvələ yeni sütun əlavə edib, E sütununda hər bir müştərinin gəlirinin ümumi gəlirlər cəmində payını hesablamaq lazımdır.

Müştərilər üzrə gəlir payının hesablanması:

 

E4 damasında aşağıdakı formulanı daxil edirik:

 

=D4/$D$19

 

Bundan sonra formulanı aşağı artırırıq və cədvəli E sütununa əsasən çoxdan aza istiqamətdə çeşidləyirik. Cədvəl aşağıdakı şəkli alır:

Şəkil 2. Hər bir müştəri üzrə gəlirin ümumi gəlir cəmində payı.

 

Kateqoriyaların hesablanması:

Yeni F sütunu açıb, kateqoriyaları hesablayırıq. Bunun üçün F sütununa aşağıdakı formulanı daxil edirik:

 

=IF(SUM(E$4:E4)<80%;"A"; IF(SUM(E$4:E4)<96%;"B";"C"))

 

Nəticədə aşağıdakı cədvəli almış oluruq.

Şəkil 3 Kateqoriyaların hesablanması.

ABC-Analiz bununla həll edildi. Lakin bu satışlarla əlaqədar olaraq, G sütununa müştəriyə edilmiş zənglər sayını da əlavə etsək və müvafiq diaqramlar qursaq, vəziyyəti tam şəkildə görə bilərik.

Bunun üçün I3:K6 diapazonda yeni cədvəl yaradırıq və J4 damasına formula daxil edirik:

 

=COUNTIF($F$4:$F$18;I4)

 

K4 damasına formula daxil edirik:

 

=SUMIF($F$4:$F$18;I4;$E$4:$E$18)

 

Formulaları aşağı çəkirik və bu cədvəl əsasında diaqramlar qururuq.

Şəkil 4. Kateqoriyalar üzrə müştəri sayının təyin edilməsi.

 

 

Şəkil 5. Kateqoriyalar üzrə satış payının təyin edilməsi.

 

Şəkil 6. Müştəri sayı və satış payı üzrə diaqramlar.

 


 

ABC-Analizin hazırlanmasının alternativ variantı

 

ABC-Analizin hazırlanması üçün yuxarıda baxdığımız variant klassik sayılır. Bu varianta alternativ olan digər varianta baxmaq yaxşı olar. 

Bu variantı icra edərkən, E sütununa əsasən çoxdan aza istiqamətdə çeşidləmə etməyə ehtiyac yoxdur və kateqoriyaların hesablanması ədədi orta kəmiyyətlərə əsaslanan alternativ formula üzərində qurulur:

 

=IF(E4>=(AVERAGE(E:E)*1,5);"A"; IF(E4>(AVERAGE(E:E)*0,5);"B";"C"))

 

Şəkil 7. Kateqoriyanın alternativ formula ilə hesablanması.

 

Şəkil 8. İki hesablama variantı arasında nəticə fərqləri.


 

Şəkil 9. Alternativ ABC-Analizi üzrə diaqram.

 

Bu variantlar arasında kiçik nəticə fərqləri mövcuddur. Bu fərqlər hesablama metodunun müxtəlif olması ilə bağlıdır. Lakin praktikada hər iki variantı tətbiq etmək mümkündür.

Bu məqalədə ABC-Analiz haqqında söhbət etdik. Növbəti məqalədə XYZ-Analiz haqqında məlumat verəcəyəm.

 

Hələlik, oxuculara müvəffəqiyyətlər arzu edirəm.

Nəriman Quluzadə İATM Müəllimi
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Maliyyə Analitiki Kursu

Maliyyə Analitiki Kursu

Maliyyə analitiki kursu sizə maliyyə hesabatlarını təhlil etməyi və məlumatlara əsaslanaraq strateji qərarlar verməyi öyrədəcək.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları