Mühasibat Uçotu nədir və Niyə aparılır?

Avqust 22, 2022
3446 izlənmə
6 dəqiqə oxuma

Bildiyimiz kimi mühasibatlıq 0-dan öyrənmək üçün çətin olaraq qəbul edilən bir sahədir. Elə buna görə də hər həftə paylaşacağımız bloqlarla bu sahəni siz oxucularımıza rahat və anlaşıqlı şəkildə izah edəcəyik. Bunun üçün isə ilk öncə Mühasibatlıq nədir? və onun hansı tərkib hissələrdən ibarət olduğunu bilməliyik. Gəlin bu mövzuya aşağıdakı suallarla cavab verək:

  1. Müəssisə nədir və hansı qruplara bölünür?
  2. Mühasibat uçotuna nəyə görə ehtiyac var?
  3. Maliyyə uçotu nədir?
  4. İdarəetmə uçotu nədir?
  5. Mühasib kimdir və onun vəzifələri nədir?

 

Müəssisə nədir və hansı qruplara bölünür?

İnsanların maddi nemətlərə (məhsul, mal və xidmətlər) olan ehtiyacları müəssisə adlanan iqtisadi qurum tərəfindən ödənilir. Müəssisənin əsas funksiyası insan qruplarının və təşkilatların tələbatlarının ödənilməsi və mənfəətin əldə edilməsidir. Müəssisə bu məqsədlə məhsulların istehsalı, xidmətin göstərilməsi və işlərin yerinə yetirilməsi ilə məşğul olur.

 

Hüquqi statuslarına görə isə müəssisələr 3 qrupa bölünür:

 

Fərdi müəssisələr

Şərikli müəssisələr

Korporasiyalar

  • Bir şəxsə aid olub, onun tərəfindən idarə olunur.
  • Sahibkar müəssisənin öhdəliklərinə özünün bütün əmlakı ilə cavabdehlik daşıyır.
  • Asan idarə olunur.
  • Əlavə kapital cəlbi imkanı azdır.
  • Ən azı 2 fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir və idarə olunur.
  • Şəriklər müəssisənin öhdəliklərinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. 2 forması var:

- tam ortaqlıq;

kommandit ortaqlığı.

  • Mülkiyyət və idarəetmə bir neçə şəxsə aid ola bilər (bir nəfərə də aid ola bilər).
  • Mülkiyyətçilər müəssisənin öhdəliklərinə görə yalnız qoyduqları pay üzrə məhdud məsuliyyət daşıyırlar.
  • Əlavə kapital cəlb etmə imkanları yüksəkdir. 3 əsas forması var:

Məhdud məsuliyyətli cəmiyyət (MMC);

Əlavə məsuliyyətli cəmiyyət;

- Səhmdar cəmiyyəti

 


 

Gəlin cədvəldə qeyd olunanları daha da aydınlaşdıraq:

Tam ortaqlıq* - iştirakçılar sahibkarlıq fəaliyyəti ilə məşğul olur və öhdəliklər üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar.

Kommandit ortaqlığı*- ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və öhdəliklər üzrə öz əmlakı ilə məsuliyyət daşıyan şəxslərlə yanaşı, ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı (maya qoyanı) vardır.

Məhdud məsuliyyətli cəmiyyət (MMC)*- iştirakçılar müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır, zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.

Əlavə məsuliyyətli cəmiyyət* - iştirakçılar müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar, şirkətə kredit vəsaitlərinin cəlbi asanlaşır.

Səhmdar cəmiyyəti*- səhm buraxmaq yolu ilə nizamnamə fondu formalaşdırçaqla azı bir fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. 2 forması mövcuddur: açıq və qapalı səhmdar cəmiyyətləri.

  • Açıq səhmdar cəmiyyəti - səhmləri müstəqil surətdə özgələşdirilə bilən cəmiyyətdir.
  • Qapalı səhmdar cəmiyyəti - səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgələşdirilə bilən cəmiyyətdir.

 

Mühasibat Uçotuna nəyə görə ehtiyac var?

Müəssisələrin yaranması, mövcud olması isə öz növbəsində əməliyyatların uçotunun aparılması zərurətini yaratmışdır. Məsələn, məhsul satışı, yaxud xidmətin göstərilməsi baş verir, müəssisəyə dəftərxana ləvazimatı alınır, yaxud işıq, qaz pulu ödənilir. Bunların hər biri qeydə alınmalı və bunun nəticəsində müəssisənin müvafiq maliyyə hesabatları hazırlanmalıdır. Çünki həmin əməliyyatların uçotunun aparılması müəssisəyə nəticə əldə etməyə kömək edir. 

 

Belə ki, müəssisənin satılmış mal və xidmətlərindən nə qədər mənfəət əldə etdiyimiz, digər tərəflərə nə qədər borcumuzun olması, başqa şəxslərin bizə nə qədər borcunun olması, dövlətə ödəməli olduğumuz vergi miqdarı kimi məlumatlar yalnız uçot sayəsində əldə oluna bilər. Mühasibat uçotu müəssisənin indiki və gələcək dövr fəaliyyəti üçün xəritə rolunu oynayır.

 

Müəssisədə bütün təsərrüfat əməliyyatlarının uçotu mühasibat uçotu vasitəsilə həyata keçirilir. Təsərrüfat əməliyyatları dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • Malların satışı və pul vəsaitinin alınması
  • Mal-materialın alışı və pulun ödənilməsi
  • Əməkhaqqının hesablanması və köçürülməsi
  • Vergilərin hesablanması və ödənilməsi

 

Bununla belə mühasibat uçotu düzgün biznes qərarlarının verilməsi üçün əsas mənbədir. Düzgün qərar vermək üçün isə bizə informasiya lazımdır. Biz bu infotmasiyanı isə mühasibat uçotu vasitəsilə əldə edə bilərik. Həmin informasiyalar həm daxili (insider), həm də xarici (outsider) istifadəçilərin qərar qəbul etməsində önəmli rol oynayır.

Mühasibat uçotu dedikdə biz, əsasən, Maliyyə uçotu  İdarəetmə uçotunu müzakirə edirik.  Gəlin bu iki anlayışın ayrı-ayrılıqda nə ifadə etdiyini və nə üçün aparıldığına baxaq.


 

Maliyyə Uçotu nədir?

Maliyyə uçotu - əsasən, kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Kənar istifadəçilər dedikdə investorlar, səhmdarlar, kreditorlar, dövlət orqanları və bütövlükdə ictimaiyyət nəzərdə tutulur. Bəs Maliyyə Uçotu kənar istifadəçisinə hansı informasiyanı təmin edir?

  • İnvestorlarsəhmdarlar investisiyaların riskliliyi, gəlirliliyi və müəssisənin dividend ödəmək qabiliyyəti haqqında informasiya ilə təmin olunurlar.
  • Müəssisənin işçilərionların nümayəndələri işverənlərin gəlirliliyi, stabilliyi, əməkhaqqı ödəyə bilmə imkanı haqqında informasiya ilə təmin olunurlar
  • Borcverənlər müəssisənin verilmiş borcları qaytara bilməsi və faizləri ödəyə bilməsi haqqında informasiya ilə təmin olunurlar
  • Dövlət orqanları resursların yerləşdirilməsi, iqtisadiyyatın tənzimlənməsi kimi funksiyaları həyata keçirmək üçün lazım olan informasiya ilə təmin olunurlar
  • Bütövlükdə ictimaiyyət yerli, regional və dövlət səviyyəsində müəssisənin ictimai rifahının yüksəldilməsində onun rolu haqqında informasiya ilə təmin olunur.

 

İdarəetmə Uçotu nədir?

İdarəetmə uçotu - daxili istifadəçilər tərəfindən firmanın idarə olunması zamanı istifadə olunur. Bu uçotun əsas məqsədi daxili istifadəçiləri (rəhbər, menecer, sadə işçiləri) istehsal xərci və maya dəyəri barədə məlumatlandırmaqdır. Uçot məlumatları həmin istifadəçilərə aşağıdakı məqsədlər üçün gərəklidir:

  • Strategiya hazırlanması
  • İşin planlaşdırılması
  • Qərarların qəbulu
  • Resurslardan istifadənin optimallaşdırılması

 

Bəs Mühasib kimdir və mühasibin vəzifələri nələrdir?

Bir mühasib əməliyyatları qeyd edib saxlamaqdan çox maliyyə hesabatlarının hazırlanması, maliyyə məlumatlarının işlənib hazırlanması və açıqlanması ilə məşğul olur. Məsələn, malın alınmasının qeydi, uçotunun aparılması mühasib tərəfindən həyata keçirilir.

 

Tutaq ki, vahidi 10 AZN-dən 300 ədəd mal alınıb, lakin ödəniş edilməyibsə, 3000 AZN borcun olması qeydə alınır. Daha sonra həmin ödənişi edərkən kassadan 3000 AZN xaric olunması barədə informasiya qeyd olunur.

 

Eyni zamanda işçilərin sayı və onların kart hesablarına ay sonu nə qədər məbləğdə əməkhaqqı otuzdurulacağı haqda məlumatların hazırlanması, hər ay, rüb və ilin sonunda vergi ödəmələri üçün lazımi hesabatların və büdcənin tərtib edilməsi, o cümlədən nəzarət sisteminin qurulması kimi fəaliyyətlər mühasib tərəfindən həyata keçirilir.

Mühasibin gündəlik vəzifələri aşağıdakılardır:

  • Müəssisənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklikləri qeyd etmək və istifadəçiyə (rəhbərlik, marketinq və s. şöbələrə) vaxtında çatdırmaq;
  • Dövr (aylıq, rüblük və illik) ərzində əldə edilən gəlirləri və çəkilmiş xərcləri hesablamaq, onları müqayisə etməklə fəaliyyət nəticələrini (mənfəət yaxud zərərlə işləməni) təhlil etmək;
  • Qanuni mükəlləfiyyətləri yerinə yetirmək:
  • Öhdəliklərin (kommunal xərclər, icarə haqqı və s.) vaxtında ödənilməsi;
  • Vergilərin və sosial ayırmaların dövlət təşkilatlarına vaxtında ödənilməsi;
  • Tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması;
  • Hüquqi anlaşılmazlıqlarda sübutedici vasitə olan sənədləri qaydaya salmaq.

 

Bəs biz 0-dan mütəxəssis səviyyəsində mühasib necə yetişdiririk?

İATM Tədris Modeli ilə. Bu sahədə illərdir qazandığımız təcrübəmiz sayəsində sizin bir mühasib kimi formalaşmağınız üçün gərəkli olan:

  • Dərs vəsaitləri;
  • Peşəkar Təlimçi komandası;
  • Və asistent təlimçi xidmətini formalaşdırdıq.

Proqram barədə detallı məlumatı buradan əldə edin.

 

 

Fərid Nuriyev Əsas Müəllim
Kurslar
İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotuna Giriş

İdarəetmə Uçotu təlimimiz müəssisələrdə xərc və məsrəflərin uçotunun düzgün şəkildə aparılması və istehsal olunan məhsulların maya dəyərinin səlis şəkildə hesablanmasını öyrənməyiniz üçündür.

Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Beynəlxalq Sertifikatlar
Mühasibatlıq Proqramları
Digər Təlimlər
Qanunvericilik