
Kitab kimlər üçündür?
“Mühasibatlığa dair məsələlər toplusu” kitabı mühasibatlığı öyrənən və tədris edən şəxslər üçün ilkin uçotun aparılması, sınaq balansının və maliyyə hesabatlarının hazırlanması, o cümlədən ayr-ayrı əməliyyatların mühasibat yazılışlarının verilməsinin praktiki cəhətdən tətbiq edilməsi məqsədi ilə nəşr olunmuşdur. Kitabdan həm sərbəst öyrənmə vasitəsi, həm də müəllimlə - fərdi və ya qrup şəklində təlimlərin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edilə bilər.
Kitabın strukturu
“İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibatlığı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün nəzərdə tutulmuşdur.
Kitab İATM-ın nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsasında hazırlanmışdır.
Yeni nəşr əvvəlkindən fərqli olaraq 304 səhifə və 18 fəsildən ibarətdir. Bu nəşrə əlavə olaraq büdcədən maliyyələşən təşkilatların mühasibatlığını əhatə edən nümunəvi həlli və cavabları ilə birlikdə 10-dan çox məsələ daxil edilmişdir.
Bundan başqa yeni nəşrə qarışıq mövzuları əhatə edən 10 dan çox məsələ, 20-yə yaxın mühasibatlığa dair yeni hesabat formaları və cədvəllər əlavə olunmuşdur. Məsələləri həll etmək istəyən şəxslər həmin formalardan lazım olanın surətini çıxarmaqla tapşırıqların həllində istifadə etməklə işlərini asanlaşdıra bilərlər.
Ümumiyyətlə, kitabdan düzgün istifadə etdiyiniz təqdirdə, sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazırlamaq bacarığı formalaşa bilər.
Yeni nəşrin mündəricatı aşağıdakı fəsillərdən ibarətdir:
Fəsil 1. Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı
Fəsil 2. Əməliyyatların jurnalda və T-hesablarda əks etdirilməsi
Fəsil 3. Sınaq balansdan maliyyə hesabatlarına keçid
Fəsil 4. Düzəliş qeydləri və köməkçi hesabların bağlanması
Fəsil 5. Uzunmüddətli maddi aktivlər (əsas vəsaitlər)
Fəsil 6. Qeyri-maddi aktivlər
Fəsil 7. Ticarət əməliyyatları və ticarət ehtiyatları (mallar)
Fəsil 8. Ticarət ehtiyatlarının maya dəyərinin hesablanması metodları
Fəsil 9. Debitor borcları, ümidsiz borclar və sair debitor xarakterli aktivlər
Fəsil 10. Valyuta məzənnələri
Fəsil 11. Qiymətləndirilmiş öhdəliklər
Fəsil 12. Kreditor borcları, avans ödənişləri və sair kreditor xarakterli öhdəliklər
Fəsil 13. Vergilər
Fəsil 14. Əmək haqqı və işçilərlə bağlı sair ödənişlər
Fəsil 15. İstehsal əməliyyatları və istehsalat məsrəfləri
Fəsil 16. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Fəsil 17. Büdcə təşkilatlarında əməliyyatların qeydiyyatı və maliyyə hersabatı formalarının hazırlanması
Fəsil 18. Qarışıq məsələlər
CAVABLAR
Mühasibatlığa dair yeni formalar
Kommersiya təşkilatları üçün yeni hesablar planı
Kitabda kommersiya təşkilatlarına aid verilmiş məsələlərdəki şərti şirkət adları Mendeleyev cədvəlinin elementlərindən istifadə olunmaqla göstərilmişdir. Büdcə təşkilatlarına aid məslələr işğal olunmuş Azərbaycan torpaqları ilə adlandırılmışdır. Fikrimizcə, bu yanaşma sizə məsələləri rahat şəkildə tapmaqda köməklik göstərəcəkdir.
Kitabda hər bir mövzu üzrə məsələnin 1 və ya 2 nümunəvi həlli verilmişdir. Nümunəvi çalışmaları öyrənməklə siz növbəti məsələləri həll etmək bacarığına yiyələnəcəksiniz.
Yeni nəşr beynəlxalq səviyyədə tanınan ACCA, CIMA və CIPFA kimi təşkilatların sertifikatlarını əldə etmək üçün vacib biliklərin əldə edilməsində, xüsusilə də mühasibatlıq sahəsində yerli sertifikatların əldə olunmasında yaxşı vasitə hesab oluna bilər.
Kitab haqqında geniş məlumatı linkdən əldə edə bilərsiniz.: