Pulun zaman dəyəri anlayışı


Təcrübədə maliyyəçilər öz məqsədinə çatmaq üçün aşağıdakı üç mühüm alətdən (metoddan) istifadə edir:

  • Pulun zaman dəyərini hesablamaq;
  • Riskləri qiymətləndirmək və idarə etmək;
  • Maliyyə aktivlərinin real (ədalətli) dəyərini müəyyən etmək.

Şirkət maliyyəsinin həyata keçirilməsi üçün pulun zaman dəyərinin müəyyən edilməsi vacib məsələlərdən biridir.

Pulun zaman dəyəri müəyyən zaman çərçivəsində pulun nominal dəyəri isə real dəyəri arasında fərqin yaranmasıdır.

Məlumdur ki, müxtəlif ölkələrdə müxtəlif dərəcələrdə inflyasiya prosesi baş verməkdədir. Məhz inflyasiya (pulun real dəyərinin düşməsi) nəticəsində pulun nominal və real dəyəri arasında fərq yaranır.

- Nominal dəyər dedikdə - pul kağızın üzərində göstərilən rəqəm başa düşülür.

- Real dəyər dedikdə - üzərində nominal dəyəri göstərilən pul kağızın əmtəə və xidmətlərə nisbət edilməsi başa düşülür.

Deməli, əgər illər üzrə inflyasiya baş verərsə bu günkü pula almaq mümkün olan əmtəə və xidmət miqdarını növbəti ildə almaq mümkün olmayacaq.

Digər tərəfdən pula investisiya aləti kimi baxsaq zamana görə pul pul gətirir. "Bu günün 1 manatı sabahın 1 manatından daha dəyərlidir". Çünki bu gün əlimizdə olan 1 manatı hər hansı bir yerə investisiya etsək sabaha qədər çox cüzi də olsa müəyyən bir artış göstərəcəkdir. Yəni sabahkı 1 manat elə 1 manat olaraq qalacaq, halbuki bu günkü 1 manat investisiya edilsə, sabaha 0.00001 AZN də olsa artış göstərəcəkdir. Bu da bu günün 1 manatını sabahın 1 manatından daha dəyərli edir, çünki sabaha qədər müəyyən gəlir əldə etmək imkanı yaradır.

Maliyyədə tətbiq olunan pulun zaman dəyəri məsələsinə 2 istiqamətdən baxmaq lazım gələcəkdir :

1) Bu günkü pulun (məsələn 1 dolların) gələcəkdəki real dəyəri;

2) Gələcəkdə əldə olunması gözlənilən pulun (məsələn 1 dolların) indiki real dəyəri.