Malların ilkin və xalis mümkün satış dəyəri


Malların ilkin və xalis mümkün satış dəyəri

Ehtiyatlar üzrə MUBS 2-nin əsas məqsədlərindən biri malların ilkin də­yə­rinin müəyyən edilməsidir. Bu standarta görə ehtiyatların ilkin dəyərinə əaşağıdakılar daxildir:

-  Alış dəyəri;

-  Daşıma və anbara boşaltma xərci;

-  Gömrük (idxal) rüsumları;

-  Əvəzləşdirilməyən vergilər;

-  Malların əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər;

-  Hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər.

 

Məsələn, “Xəzər” şirkəti televizorların alqı-satqısı ilə məşğuldur. Bir televizorun ilkin dəyəri 250 manat üstəgəl daşınma xərci 20 manat təşkil edir. On 31.07.2019-cu il tarixdə “Xəzər” şirkəti 25000 manat (100 * 250) məbləğinə 100 ədəd televizor alır.

Bu zaman, daşınma xərcləri 2000 manat (100 * 20) təşkil etmişdir. Əgər, hesabat dövrünün sonuna bu 100 ədəd televizorun heç biri satılmamışdırsa, müəssisənin ehtiyatlarının məbləği 27000 manat (25000+2000) və ya hər televizorun dəyəri 270 manat təşkil edəcəkdir.

 

Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərin müəyyən edilməsində ticarət endirimləri və digər oxşar güzəştlər qiymətə daxil deyil.

Məsələn, “Xəzər” şirkəti televizorun bir ədədini 250 manata alır, lakin 50 ədəddən artıq televizor sifariş edilərsə, təchizatçı 10% endirim təqdim etməyə razıdır. 20.12.2019-cu il tarixdə “Xəzər” şirkəti 75 ədəd televizor alır və 10% endirim əldə edir. 27.12.2019-cu il tarixdə isə əlavə olaraq 25 ədəd televizor alır və bu televizorlara endirim tətbiq edilmir. Hesabat dövrü ərzində bu televizorlardan heç biri satılmır və televizorların hamısı (100 ədəd) hesabat dövrünün sonunda “Xəzər” şirkətinin ehtiyatlarını təşkil edir.

Beləliklə, televizorların dəyəri aşağıdakı kimi qeyd olunacaq:

 

     75 televizor 250 manatdan 18750

                          10% endirim (1875)

                                            = 16875

      25 televizor 250 manatdan 6250

Cəmi televizorların dəyəri =  23125

 

Mümkün xalis satış dəyəri–adi fəaliyyət zamanı nəzərdə tutulmuş satış qiymətindən məhsulun satışa hazır vəziyyətə gətirilməsinə çəkilməsi ehtimal edilən xərclər və satışın həyata keçirilməsi üçün ehtimal edilən xərclər çıxıldıqdan sonra qalan məbləğdir.Yəni, hər hansı bir mal-materialın ehtimal olunan satış qiy­­mə­tindən satış üçün lazım olan xərcləri çıxdıqdan sonra hesablanan dəyə­ri­dir.

Standarta əsasən ehtiyatlar mövcud olan iki dəyərdən ən aşağı dəyərlə qiymətləndirilməlidir: ilkin dəyər və ya mümkün xalis satış dəyəri.