Əlavə dəyər vergisi (ƏDV) nədir?


 

Əlavə dəyər vergisi (ƏDV) əlavə yaranan dəyərə görə hesablanan istehlak vergisi növüdür. Əlavə dəyər adətən ticarətdə malların alışı ilə satışı, istehsalatda malların maya dəyəri ilə satış dəyəri arasında yaranır. 

Azərbaycan Respublikası Vergi məcəlləsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalarına və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 

Vergi qanunvericiliyinə görə satış zamanı ƏDV-ni ancaq ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və ya fiziki şəxslər ödəyirlər. Qeydiyyatdan keçməyən ödəyicilər isə alış zamanı ƏDV ödəsələr də, satış zamanı ƏDV ödəmirlər. 

 

Əlavə dəyər vergisinin ödəyiciləri aşağıdakılardır.

 

- ƏDV-nin ödəyicisi kimi qeydiyyatdann keçən və ya qeydiyyatdan keçməli olan şəxs. 

- Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 

- Azərbaycan Respublikası ərazisində ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri rezident. 

- Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. 

- Aksizli malların istehlakçıları və mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. 

 

ƏDV 2 şəkildə ortaya çıxa bilər:

 

- Mal və xidmətlərin alışidxalı zamanı əvəzləşdirilən ƏDV kimi;

- Mal və ya xidmətlərin satışı zamanı ƏDV öhdəliyi kimi.

 

ƏDV ilə əlaqli bəzi anlayışlar:

 

- ƏDV depozit hesabı - ƏDV ödəyicisi üçün dövlət vergi orqanı) tərəfindən açılan xəzinə hesabıdır.

- ƏDV öhdəliyi -  mal və xidmətlərin satışı və AR VM-də nəzərdə tutulan sair hallarda yaranan büdcəyə ödənilməli məbləğdir. 

- Əvəzləşdirilən ƏDV - mal və xidmətlərin alışidxalı zamanı ödənilən, lakin ödənildikdən sonra VM-də nəzərdə tutulan şərtlər yerinə yetirildikdən sonra dövıətdən həmin miqdarın geri qaytarılmaq, yaxud digər vergilərlə əvəzləşdirilmək hüququ verən ƏDV məbləğidir.