Konsolidasiya nədir?


Konsolidə edilmiş maliyyə hesabatı - müəssisələr qrupunun maliyyə  hesabatlarını vahid müəssisə kimi birlikdə təqdim etməkdir. Müəssisələr qrupunun vahid iqtisadi subyekt kimi iqtisadi vəziyyətinin müəyyənləşdirilməsi üçün konsolidə edilmiş maliyyə hesabatları bütün qrup müəsisələrinin maliyyə hesabatlarının birləşdirilməsi yolu ilə hazırlanır. 

Konsolidə olunmuş maliyyə hesabatının hazırlanmasının məqsədləri (əhəmiyyəti) aşağıdakılardır:

- Qrupun bütövlükdə maliyyə vəziyyətini göstərmək;

- Ana müəssisənin investisiyalarından yaranan gəlirləri göstərmək;

- Ana müəssisənin səhmdarlarının mənafelərini qorumaq;

- Qrup haqqında vahid iqtisadi subyekt kimi təsəvvür yaratmaq. İdarəetmə ilə məşğul olan ana müəssisənin rəhbərliyinə dəstək göstərmək; 

- Vergidən yayınma hallarından sui-istifadə və manipulasiya hallarının qarşısının alınmasına köməklik etmək.

 

Qeyd edək ki, hesabatların konsolidasiyası qrupa daxil olan müəssilərin maliyyə hesabatlarında olan bənzər maddəlarin sadəcə cəmlənməsi deyildir. Bunu etmək üçün konsolidasiya prinsiplərini və metodlarını başa düşməliyik. Konsolidasiyanın prinsip və metodlarını başa düşmək üçün isə konsolidasiya ilə bağlı bəzi anlayışların mahiyyətini bilmək lazımdır. 

Qrup - ana müəssisə və bütün törəmə müəssisələri əhatə edən təsərrüfat subyektidir.

Ana müəssisə - bir və ya daha çox törəmə müəssisəsi olan müəssisədir. 

Törəmə müəssisə - səhmdar cəmiyyət olan müəssisələr daxil  olmaqla digər müəssisə (əsas müəssisə kimi tanınan) tərəfindən nəzarət olunan müəssisədir.Başqa sözlə desək, törəmə müəssisə ana müəssisə tərəfindən nəzarət olunan müəssisədir.

Nəzarət - müəssisənin fəaliyyətindən mənfəət əldə etmək üçün maliyyə və əməliyyat siyasətinin idarə olunma gücüdür.

Asılı müəssisə - nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səsvermə hüququ verən səhmlərin iyirmi faizindən çoxu digər (üstün iştirakçı) ortaqlığı və ya cəmiyyətə mənsub olan müəssisədir. 

Birgə nəzarət olunan müəssisə - Hər bir sahibkarın iştirak payı olan korporasiya, tərəfdaşlıq və ya hər hansı digər formada yaranan birgə müəssisədir. 

NEİP - Törəmə müssisədə birbaşa və ya dolayısı ilə ana müəssisəyə aid olmayan kapital payıdır. 

Qudvil - müəssisələrin birləşməsi zamanı əldə edilən, fərdi şəkildə müəyyən edilən və ayrıca tanına bilinməyən aktivlərdən yaranan gələcək iqtisadi səmərəni təmsil edən aktivdir.