Valyuta məzənnəsi və uçotunun əsasları


Valyuta məzənnəsi və uçotunun əsasları

Valyuta məzənnəsi alış və ya satış əməliyyatları zamanı bir ölkənin milli valyuta  vahidinin digər ölkənin valyuta vahidində ifadə olunmuş qiymətidir. Bu cür qiymət sərbəst bazar şəraitində müvafiq valyutaya olan tələblə təklif əsasında və ya dövlətin əsas maliyyə orqanınn (Məzkəzi Bank) sərt nəzarəti əsasında formalaşa bilər.

 

Valyuta məzənnələrinin aşağıdakı 3 növü vardır:

  1. 1. Birbaşa məzənnə - xarici valyutaya nisbətdə milli valyuta vahidinin dəyər ölçüsüdür. Yəni, milli valyutanın 1 vahidinin hansı həcmdə digər valyutalara bərabər olduğunu göstərir. Məsələn, hal-hazırda 1 AZN 0.59 ABŞ dollarına, 0.5 Avroya, 4.73 Türk Lirasına bərabərdir.
  2. 2. Dolayı (əks) məzənnə - milli valyutaya nisbətdə xarici valyuta vahidinin dəyər ölçüsüdür. Yəni, xarici valyutanın 1 vahidinin hansı həcmdə milli valyutaya bərabər olduğunu göstərir. Məsələn, hal-hazırda 1 ABŞ dolları 1.7 AZN, 1 Avro 2 AZN, 1 Türk Lirası 0.21 AZN-ə bərabərdir.
  3. 3. Çarpaz (Kross) məzənnə - üçüncü ölkənin valyuta vahidi ilə müqayisədə müəyyən məzənnəyə malik olan iki ölkə valyutasının bir-birinə nisbətdə dəyər ifadəsini özündə əks etdirir. Məsələn, hal-hazırda 1 Avro 1.18 ABŞ dolları, 1 ABŞ dolları 8.04 Türk Lirası, 1 Avro 9.47 Türk Lirasına bərabərdir.

 

Bəs uçot zamanı nələrə diqqət edilməlidir?

Valyuta üzrə əməliyyatların uçotunu aparan zaman məzənnənin uçotunu düzgün aparmaq üçün aşağıdakı 5 prinsipə əməl etmək lazımdır:

  1. 1. Uçot yalnız bir valyuta üzrə aparılmalıdır.
  2. 2. Valyutaya əmtəə kimi baxılmalıdır.
  3. 3. Hesabat dövrünün sonunda valyuta üzrə monetar hesabların (pul vəsaitləri, debitor/kreditor borclar) qalıqları mütləq qiymətləndirilməlidir. Yəni, spot məzənnə çıxarılmalıdır.
  4. 4. Valyuta ilə mal və xidmətlərin alqı-satqısı zamanı ilkin dəyər və borclar təhvil-təslim tarixindəki valyuta məzənnəsi üzrə hesablanmalıdır. Ödənişlər zamanı valyuta məzənnəsində baş verən məzənnə fərqləri Mənfəət və Zərərlər Haqqında Hesabatda gəlir və ya xərc kimi qeyd olunmalıdır.
  5. 5. Valyuta ilə avans ödənişləri zamanı mal və xidmətlərin dəyəri təhvil-təslim tarixindəki valyuta məzənnəsi üzrə hesablanmalıdır.

 

Valyuta məzənnəsinin uçotu zamanı həyata keçiriləcək 5 qaydadan biri, hesabat dövrünün sonunda müəssisənin valyuta üzrə bütün monetar maddələrini yenidən qiymətləndirməkdir. Buna spot məzənnənin çıxarılması deyilir.

Bu prosesə nümunə üzərində nəzər yetirək:

Nümunə.

“A” müəssisəsi 08 Sentyabr 2020 tarixində manatla 15.000 Avro alır. Həmin tarixdə məzənnə 2.01 AZN-dir. 07 İyun 2020 tarixində Türkiyədən nisyə hər birinin dəyəri 7 Türk Lirası olan 3.000 məhsul alır. Həmin tarixdə məzənnə 0.25 AZN-dir. İlin sonuna 1 Türk Lirası 0.23 AZN, 1 Avro 2.09 AZN-dir.

Tələb olunur:

31 Dekabr 2020 tarixinə Avro bank hesabı və Kreditor borcu hesabının spot məzənnəsini çıxarmaq.

Həlli:     

Hesab adı

Miqdar

Alış dəyəri

İlin sonuna dəyər

Avro Bank hesabı

15.000 Avro

2.01 AZN

2.09

Kreditor borc

21.000 TL (7 * 3.000)

0.25

0.23

Alış zamanı 15.000 Avro hesabatda 30.150 AZN (15.000 * 2.01) kimi qeyd olunsa da, ilin sonunda bu məbləğ 31.350 AZN (15.000 * 2.09) ilə əvəz olunmalıdır. Aktivdə yaranan dəyər artımı müəssisənin cari gəliri olacaq və müxabirləşməsi aşağıdakı kimi yazılacaqdır:

Hesab/Məzmun

Dt

Kt

221.1 – Avro Bank hesabı

1.200

 

            611.8 – Məzənnə fərqləri üzrə gəlir

 

1.200

Aktivdə yaranan dəyər artımının gəlirə yazılması (31.350 – 30.150)

 

 

Alış zamanı 21.000 TL dəyərindəki nisyə alış hesabatda 5.250 AZN (21.000 * 0.25) kimi qeyd olunsa da, ilin sonunda bu məbləğ 4.830 AZN (21.000 * 0.23) ilə əvəz olunmalıdır. Öhdəlik balansında yaranan azalma isə müəssisənin cari gəliri olacaq və müxabirləşməsi aşağıdakı kimi yazılacaqdır:

Hesab/Məzmun

Dt

Kt

531 – Kreditor borcu

420

 

            611.8 – Məzənnə fərqləri üzrə gəlir

 

420

Öhdəlikdə yaranan dəyər azalmasının gəlirdə tanınması (5.250 – 4.830)

 

 

Nümunədən göründüyü kimi valyuta məzənnəsinin yüksəlməsi də, azalması da bizə gəlir gətirə bilər. Məzənnə fərqi müəssisəyə xərc yaradarsa, 731.8 (Məzənnə xərcləri) hesabına yazılacaq.

#İATM #BMUƏ #KitabdanSeçmələr