Orta maya dəyəri metodu (AVCO – Average Cost Method)


Əvvəlki məqalələrdə satılan malların maya dəyərinin hesablanmasının 4 üsulunu təqdim etmişdik. Bu Məqaləmizdə o üsullardan biri olan Orta maya dəyəri metodu (AVCO – Average Cost Method) ilə maya dəyərinin hesablanmasının ətraflı izahını verəcəyik. Ümid edirik ki, Sizin üçün faydalı olacaq.

 

Orta maya dəyəri metodu ilə materialların maya dəyərinin hesablanması alışların (anbarda olan malların) bir vahidinin müəssisəyə başa gəlmə qiymətinin tapılması yolu ilə müəyyən edilir. AVCO metodunun tətbiqi aşağıdakı 2 mərhələdən keçir:

 

I Mərhələ: Alışların orta dəyərinin (vahidin başagəlmə qiymətinin) tapılması:

 

Orta dəyər Satış üçün mümkün malların (İlkin qalıq+alışlar) dəyəri/Satış üçün mümkün malların miqdarı

 

II Mərhələ: Satışın dəyərinin (SMMD) müəyyən edilməsi:

 

SMMD = Orta dəyər x Satışın miqdarı

 

AVCO metodu ilə günün sonuna olan qalığı hesablamaq üçün sonuncu alışdan sonra hesabladığımız orta dəyərinin qalıq malların miqdarına vurulması yolu ilə tapılır. Bunu da aşağıdakı kimi düsturlaşdıra bilərik:

 

Qalıq ehtiyatların dəyəri = Orta dəyər x Qalıq ehtiyatların miqdarı

 

İndi isə misal əsasında Orta maya dəyəri metodu ilə SMMD və mənfəətin, həmçinin günün sonuna qalığın hesablanmasına baxaq:

 

Tapşırıq. Biznes fəaliyyətinə 1 yanvar tarixində başlayan ticarət müəssisəsinin müvafiq olaraq aşağıdakı alışlar və satışları olmuşdur:

 

Tarix

Anbarda qalıq

Alış\ Satış

Miqdar

(ədəd)

Vahidinin dəyəri

$

Məbləğ

$

5 yanvar

Qalıq

100

2.0

200.0

7 yanvar

Alış

200

2.5

500.0

9 yanvar

Alış

300

3.0

900.0

 

 

600

 

1600.0

 

 

 

 

 

11 yanvar

Satış

350

5.0

1750.0

 

            Tələb olunur:

11 yanvar tarixinə Orta maya dəyəri metodu ilə Satılan Malın Maya Dəyərini (SMMD) və mənfəəti müəyyən etmək;

            

Həlli:

a) SMMD və mənfəətin müəyyən edilməsi:

 

I Mərhələ: 

                Orta dəyər = 1 600 $/600 əd. = 2.66 $ (hər bir vahid) 
 

II Mərhələ:                             

                 SMMD = 2.66 $ x 350 ədəd = 933.33 $

 

Satış

 

1 750.00

Çıxılsın:

Satılmış Malların Maya Dəyəri

933.33

         =

Ümumi mənfəət

816.67

 

 

b) Son qalığın hesablanması:

 

Qalıq ehtiyatların dəyəri = 2.66 $ x  250 ədəd = 666.66 $

 

Göründüyü kimi AVCO ilə maya dərinin və mənfəətin hesablanması zamanı alınan nəticə FİFO və LİFO ilə alınan rəqəmlərin orta kəmiyyətini təşkil edir. Bunları müqayisə etmək üçün aşağıdakı cədvələ baxaq:

 

Əgər biz digər metodlar ilə də hesablamaları aparsaq aşağıdakı müqayisə cədvəlini əldə edə bilərik:

 

FİFO

LİFO

AVCO

Satışdan gəlir

1750

1750

1750.00

SMMD

850

1025

933.33

Ümumi Mənfəət

900

725

816.67

 

Buradan görmək olur ki, mühasib uçot siyasətində SMMD-ni hesablamaq üçün FİFO metodunu seçəsi olsa cari dövr üçün mənfəətin artmasına nail ola bilər. Lakin bu o demək deyil ki, ümumilikdə mənfəət artır. Dövr üzrə ümumi mənfəətin miqdarı bütün metodlar üzrə sonda bərabər olmalıdır. Sadəcə cari dövrdə artma müşahidə etmək mümkün olur. 

 

Nəticə:

Yuxarıda son ehtiyatların qiymətləndirilməsinin müxtəlif metodları tətbiq edilib. Müşahidə etmək olar ki,  hər bir metod üzrə nəticələr digərilərindən fərqlənir. Nəticə etibarilə, aşkar edilmiş tendensiyaların  müqayisə edilə bilməsi və məna kəsb etməsi üçün bir dövrdən digər dövrə keçərkən seçilmiş metodun saxlanması vacibdir (ardıcıllıq prinsipi). Ona görə də müəssisənin uçot siyasıtində bu mütodlardan birinin seçilməsi və dövrlər üzrə metodun saxlanmasının nəzərə alınması MHBS tərəfindən tələb kimi qoyulmuşdur. 

 

Qeyd: Bu məqalə nəşrlərimizdən biri olan “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kitabına istinad edilərək yazılmışdır.

 

Qeyd: “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kitabımız satışda var. Bizimlə əlaqə saxlayaraq sifariş edə bilərsiniz.