Ehtiyatların maya dəyərinin hesablanmasının 4 metodu


Bu məqalə nəşrlərimizdən biri olan “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kitabına istinad edilərək yazılmışdır.

 

Beynəlxalq təcrübədə satılan malların maya dəyərinin hesablanmasının 4 əsas üsulu fərqləndirilir. Bunlar aşağıdakılardır:

- Spesifik identifikasiya metodu (Specific identification);

- Vaxta görə birinci alınanların maya dəyəri metodu (FIFO – first-in, first-out);

- Vaxta görə sonuncu alınanların maya dəyəri metodu (LIFO – last-in, first-out);

- Orta maya dəyəri metodu (AVCO – Average Cost Method).

 

    1.  Spesifik identifikasiya metodu (Specific identification)

Bu metodun mahiyyəti ondan ibarətdir ki, satış zamanı satılan malların hər birinə fərdi yanaşma edilir. Yəni hər bir malın alış qiymətinə ayrıca baxılaraq hesablama aparılır. Məsələn, hesab edək ki, dövr ərzində eyni maldan cəmi 3 ədəd alınıb, lakin onların hərəsi bir qiymətlə (3; 3,5 və 4 dollara) alınıb və bunlardan cəmi ikisi satılıb, bu zaman maya dəyəri də məhz konkret satılan mallara görə ayrıca (1X3,0$ + 1x4,0$ = 7,0$) hesablanacaqdır.

Hesablama zamanı malların sayı çox olsa da hər bir partiya üzrə mal öz alış qiymətinə uyğun olaraq qiymətləndiriləcək.

Bu metod əsasən sifarişlə istehsal olunan məhsulların maya dəyərini hesablayan zaman uğurla tətbiq olunur. Belə ki, zərgərlik məmulatlarının və ya sənət əsərlərinin ticarətində bu metodun tətbiqi daha sərfəlidir. Çünki, bir məmulat digərindən müəyyən xüsusiyyətinə görə fərqlənir və buna görə onun ayrıca qiymətləndirilməsinə ehtiyac var.

Spesifik idendifikasiya metodundan fərqli olaraq digər 3 metodun hər birində ehtiyatların alış qiymətinə fərdi şəkildə deyil, tarixi yanaşma edilir. Qeyd edək ki, dövrün sonuna bu metodların tətbiqi nəticəsində hesablanan ümumi SMMD (satılan malların maya dəyəri) demək olar ki, bir-birinə bərabər olacaqdır. Sadəcə olaraq bu, cari dövrdə mənfəətin fərqli olmasına gətirib çıxarır.

 

    2.  Vaxta görə birinci alınanların maya dəyəri metodu (FIFO – first-in, first-out)

Bu metod vaxta görə birinci əldə edilən malların qiymətinin nəzərə alınmasına əsaslanır. Adından da göründüyü kimi satışın maya dəyəri birinci daxil olanların qiyməti ilə hesablanır. Yəni hər bir satışda satılan malların dəyəri anbara birinci daxil olan, yaxud dövrün əvvəlinə qalıq malların alış qiymətindən başlayaraq hesablanacaqdır.

Bu metod Avropa və Amerikada geniş tətbiq olunur.

 

    3.  Vaxta görə sonuncu alınanların maya dəyəri metodu (LIFO – last-in, first-out)

Bu metod FIFO metodu ilə müqayisədə onun əksi olub, sonuncu əldə edilən malların birinci satılmasını nəzərdə tutur. Yəni hər bir satışın maya dəyəri anbara sonuncu daxil olan malın dəyəri ilə hesablanır. Qeyd edək ki, bu metodun tətbiqi son dövrlərdə MHBS Şurası tərəfindən qadağan edilmişdir.

 

    4.  Orta maya dəyəri metodu (AVCO – Average Cost Method)

Orta maya dəyəri metodu ilə SMMD-nin tapılması alışların orta çəki qiymətinin tapılması yolu ilə hesablanır. Orta qiymətin tapılması alışların cəmi məbləğini alınan malların sayına bölməklə tapılır. Orta qiymətin təyin edilməsi vaxtaşırı, və ya hər bir alışdan dərhal sonra fasiləsiz olaraq həyata keçirməlidir.

Orta maya dəyəri üsulu FIFO və LIFO qiymətləri arasında orta qiymət formaşdırsa da çox hesablamalar tələb edir. Bu metod daha çox Yaponiyada və Türkiyədə tətbiq edilir.

 

Qeyd: FIFO, LIFO və AVCO metodlarının ətraflı (məsələ ilə) izahları növbəti məqalələrdə veriləcəkdir.

Qeyd: “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” kitabımız satışda var. Bizimlə əlaqə saxlayaraq sifariş verə bilərsiniz.