Məcburi dövlət sosial sığorta haqlarının tətbiqi


   Bildiyimiz kimi, məcburi dövlət sosial sığorta haqlarının tətbiqi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tənzimlənməkdədir.

   Yuxarıda adı qeyd edilən Qanunun müvafiq maddələrinə 8 may 2020-ci il tarixdə dəyişikliklər edilmişdir. Xüsusi ilə, Qanunun 14-cü maddəsində məcburi dövlət sosial sığorta haqlarının sığortaedənlərin fəaliyyət növünə uyğun müəyyən edilərək hesablanması və toplanması qaydalarında ciddi dəyişikliklər  öz əksini tapmışdır.

   Qeyd etməliyik ki, Qanunun dəyişiklərdən öncəki halında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının ticarət və tikinti sahəsində 50 faizi, digər sahələrdə isə 25 faizi nisbətində məcburi dövlət sosial sığorta haqqı hesablayıb ödəməli idilər.

   Son dəyişikliklərdən sonra isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tikinti və ticarət sahəsi üzrə minimum aylıq əmək haqqının 25 faizi, digər sahələrdə isə 15 faizi olaraq məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Bu dərəcələr eyni zamanda sığortaedənin fəaliyyət yerinə görə tənzimlənir. Belə ki, Bakı şəhərində yuxardakı ödəniş tələblərinin 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon mərkəzləri və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi nisbətində tətbiq ediləcəkdir.

   Həmçinin qeyd etməliyik ki, digər sahələrə aid olan fərdi sahibkarlara (əgər muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərəcəklərsə) bir növü sabit vergi ödəyicilərinə olduğu kimi fərqli bir yanaşma sərgilənəcək. Belə ki, əgər heç bir muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılar, çalğıçılar, rəqqaslar, aşıqlar, məzhəkəçilər, fərdi foto, audio-video xidmətləri göstərənlər ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının  5 faizi miqdarında, bərbərlər, dərzilər, çəkməçilər, pinəçilər, saat, soyuducu və digər cihazları təmir edənlər, ev xidmətçiləri, dayələr, şəxsi sürücülər, bağbanlar,aşbazlar və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər minimum aylıq əmək haqqının  3 faizi miqdarında, “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri (məs. Taksi sürücüləri) minimum aylıq əmək haqqının  6 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər. Amma bu kateqoriyadan olan sığortaedənlərin sosial ödənişlərinədə fəaliyyət yeri üzrə əmsallar tətbiq ediləcəkdir. Belə ki, Bakı şəhərində bu əmsal 2, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində bu əmsal 1.5, digər şəhər və rayonlarda isə bu əmsal 1 olaraq tətbiq edilir. Məsələn, Bakı şəhərində fəaliyyət göstərən fərdi fotoqraf fəaliyyəti ilə məşğul olan şəxs aylıq 25 manat  (250*5 faiz*2 əmsalı), Sumqayıtda fəaliyyət göstərən bərbər aylıq 11.25 manat (250*3 faiz*1.5 əmsalı),  Bakı şəhərində fəaliyyət göstərən taksi sürücüsü isə aylıq 30 manat  (250*6 faiz*2 əmsalı) sosial sığorta haqqı ödəməlidir.

   Ümumiyyətlə imkan düşdükcə biz daima sosial sığorta ödəmələrinin minimum aylıq əmək haqqına nisbətdə hesablanmasının düzgün olmadığını demişik. Unutmaq lazım deyil ki, bu indekslənmələr məhz həmin minimum əmək haqqının yüksəlməsini yavaşlatmaqdadır. İstənilən məcburi ödəmələr təyinatı nə olursa olsun (vergi ya sosial sığorta və ya bu yaxın zamanda tətbiqi gözlənilən icbari tibbi sığorta və s.) yalnız mükəlləfiyyət sahiblərinin qazancları nisbətində tətbiq edilməlidir. Necə deyərlər damara görə qan alınmalıdır. Tənqid təklif olmadan natamam sayıldığını düşünürük və bu səbəblə də təklifimiz məcburi dövlət sosial sığorta haqlarının fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi sahədən və məkandan asılı olmayaraq birbaşa gəlirlərinə müəyyən edilmiş bir nisbətdə bağlanması və aşağı hədd tətbiq etməkdənsə yuxarı həddin tətbiq edilməsidir.