İNVESTORLARIN NƏZƏRİNƏ


İnvestorların Nəzərinə:  

Ölkədə sahibkarlığın inkişafına əlverişli biznes mühitin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli 2458 saylı Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatının aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə olunmuşdur. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 2-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən fiziki və hüquqi şəxslərin sayı xeyli artmışdır.

“Doing Business 2017” hesabatına görə 2009-2016-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat sahəsi ilə, 5-i vergitutma sahəsi ilə bağlı olmuşdur. “Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi 97,75 % təşkil etmişdir ki, bu da ölkəmizin dünyada kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir. Bu gün ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir.

2016-2017-ci illər üzrə “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz əvvəlki hesabatla müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 138 ölkə arasında 37-ci mövqeyə yüksəlmiş və bu göstərici üzrə MDB məkanında liderlik mövqeyini qoruyub saxlamışdır.

Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə 63 sayda elektron xidmət, o cümlədən “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması”, “Elektron vergi hesab-fakturasının qəbulu” xidmətləri göstərilir (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler). Eyni zamanda, 1 aprel 2017-ci ildən başlayaraq elektron qaimə-fakturanın tətbiqinə başlanılmışdır.

Fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi 2011-ci ildən tətbiq olunur, yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına 2012-ci ildən başlanılmışdır. Vergi ödəyicilərinin elektron qeydiyyatı elektron imza əsasında həyata keçirilir (https://login.e-taxes.gov.az/login/).

İşəgötürənlər tərəfindən muzdlu işçilərlə bağlanılmış əmək müqavilələrinin elektron qeydiyyatına nəzarətin həyata keçirilməsi üçün 2016-cı ilin fevral ayında Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında elektron məlumat mübadiləsi haqqında Razılaşma imzalanmışdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində 129 güzəşt və azadolma mövcuddur. İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artmışdır.

 

 

Daha ətraflı: http://www.taxes.gov.az/modul.php?name=pages&page=230